dini radikalizm və ekstremizmlə mübarizə

Tanınmış ekspert Nəsimi Məmmədli Həbsxanada üzləşdiyi qanunsuzluğa görə gənc bloger Mehman Hüseynovun 15 gündür aclıq etməsi gündəminə münasibət bildirib

Tanınmış ekspert Nəsimi Məmmədli Həbsxanada üzləşdiyi qanunsuzluğa görə gənc bloger Mehman Hüseynovun 15 gündür aclıq etməsi gündəminə münasibət bildirib
Həbsxanada üzləşdiyi qanunsuzluğa görə gənc bloger Mehman Hüseynovun 15 gündür aclıq etməsi gündəmin ən önəmli məsələsi kimi davam edir.
Eyni zamanda həm ölkədə həm də xaricdə onunla həmrəylik göstərənlərin də sayı getdikcə artır. Qanunsuzluğa və hüquq pozuntularına qarşı dinc etirazların artması çox müsbət haldır və dövlətin strateji maraqlarına tam cavab verir.

Yenidən bu mövzuya toxunmaqla bir neçə məqama münasibət bildirmək istəyirəm.
Mehmanın həbsinin gerçək səbəblərini bu günlərdə hakimiyyət təmsilçisi öz müsahibəsində qeyd edib. Bu həbsin məhz onun çəkdiyi tənqidi süjetlərlə bağlı olduğunu Siyavuş Novruzovun etiraf etməsi heç də təsadüfi deyil, əksinə, düşünülmüş bir mesajdır. Hakimiyyət daxilində yeni münasibətlər sisteminin yaranması bu kimi yanaşmaları artıracağı qənaətindəyəm.

Başqa bir məqama toxunmaq istəyirəm...
Ölkə prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrın 23-də “İlin idman yekunlarına həsr olunan” mərasimdəki çıxışından sitat:
“Ölkədə neqativ halların qarşısının alınması üçün ictimai nəzarət olmalıdır. Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.”

Səthi monitorinq aparsaq görərik ki, prezidentin bu çıxışından sonra cəmiyyətdə ictimai nəzarət imkanları genişlənmək əvəzinə daha da qapadıldı. Prezidentin çıxışının əks nəticəsinin səbəblərini iqtidar təmsilçiləri cəmiyyətə izah etmək əvəzinə, qanunsuzluqlara haqq qazandırmağa çalışırlar. Axı Mehmanın etdikləri birbaşa ictimai nəzarətin bir elementi idi. Məntiqlə Mehman prezidentə kömək edirdi. Ona qanunla şərait yaratmalı olanlar, onu təcrid etdilər.

Həmçinin, 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Qanun da ictimai nəzarətə imkan yaradır. Bu Qanunun 1.0.1. maddəsində vətəndaşların idarəetmədə iştirakının əhəmiyyəti və formaları çox açıq şəkildə vurğulanır.
“Vətəndaşlar dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində iştirak edir."

Hakimiyyət bir tərəfdən qanun qəbul edərək fəal vətəndaşları ictimai nəzarətə sövq edir, digər tərəfdən isə ictimai nəzarəti ən yaxşı və dövlətin maddi dəstəyi olmadan həyata keçirən bir gənci həbs edir. Bu təzadlı, ziddiyyətli və qeyri-peşəkar idarəetmənin səbəblərini hakimiyyət nümayəndələri cəmiyyətə necə izah edə bilər?

Bir digər məqama da toxunmaq istəyirəm...
2017-ci il fevralın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 17 maddədən ibarət “İctimai nəzarət haqqında” Qanun layihəsi ictimai müzakirəyə çıxarılmışdı. Qanunda ictimai nəzarətin təşkili barədə müddəalar yer alırdı. Ancaq hansısa səbəbdən sonradan bu qanundan səs-soraq çıxmadı. Layihənin aqibəti necə oldu, bilmirəm. Əgər bilən varsa yazsın.
Bilinən bir gerçək var. MM-də keçirilən bu müzakirədən cəmi 16 gün sonra martın 3-də məhz ictimai nəzarət etdiyinə görə Mehman Hüseynov 2 il müddətinə həbs olundu.

Məsələ Mehmanın azadlığından daha qlobaldır. Hökumət təmsilçiləri ölkədəki neqativləri göstərən “güzgüləri” məhv etməklə dövləti təhlükəyə sürükləyirlər. Bunun fərqində olan fəal insanlar cəmiyyəti xəbərdar etməsinmi?
Hökumətyönümlü bəzi medianın və şəxslərin qeyri-peşəkar, qərəzli, arqumentsiz müzakirələrinə qoşularaq ölkənin hansı fəalakətə sürükləndiyini yazmasınlarmı?
Biz öz vətəndaşlıq borcumuzu yerinə yetirərək yazmalı və deməliyik. Hakimiyyətin və cəmiyyətin hansı nəticə çıxaracağı onların öz durumuna bağlıdır.
Mehman Hüseynovun və digər siyasi məhbusların azadlıqda olmasına hər kəs çalışmalıdır.

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR