dini radikalizm və ekstremizmlə mübarizə

2019-cu ildə Azərbaycanı nələr gözləyir?

2019-cu ildə Azərbaycanı nələr gözləyir?

Cəmi beş gündən sonra 2018-ci ili başa vurub, 2019-cu ilə qədəm qoyacağıq.

Qeyd edək ki, yola salmaqda olduğumuz cari il bir çox siyasi, iqtisadi, sosial, mədəni, diplomatik, hərbi hadisələrlə, proseslərlə, ən əsası “Cümhuriyyət İli” və bu əsnada keçirilən önəmli tədbirlərlə yadda qalıb.

Bəs görəsən, qarşılamağa hazırlaşdığımız növbəti ildə, 2019-da bir dövlət və cəmiyyət olaraq, bizləri hansı önəmli hadisələr, proseslər gözləyir?

Həmçinin, ölkədə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatlar prosesinin qanunvericilik bazasının daha da gücləndirilməsi, hüquq və azadlıqların daha mükəmməl şəkildə təmin edilməsi üçün hansı addımların atılması, hansı qanunvericilik aktlarının qəbul olunması nəzərdə tutulur?

Hesabatlar, ailə həkimi, reproduktiv sağlamlıq, təhsil kreditləri...

İlk öncə ondan başlayaq ki, 2019-cu ildə ali qanunverici orqan olan Milli Məclis (MM) öz işinə komitələr səviyyəsində yanvarın 15-20-si tarixləri arasında start verəcək.

Komitə iclaslarında 2018-ci ilin payız (qış) sessiyasının hesabatı, həmçinin, qarşıdan gələn yaz sessiyasının qanunvericilik işləri planı (buraya da yeni qanunlar, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsini nəzərdə qanunvericilik aktları daxildir və sairə) müzakirə edilərək, təsdiqlənəcək.

Fevralın 1-də isə yaz sessiyası dövlət himninin oxunması ilə öz işinə başlayacaq.

Sessiya çərçivəsində hökumətinin (baş nazir Novruz Məmmədovun), bələdiyyələrin, Ombudsmanın və İnsan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun son bir illik hesabatları dinləniləcək, müzakirə və qəbul ediləcək.



Həmçinin, yaz sessiyasının sonlarında (təxminən may ayında) 2018-ci ilin büdcəsinin icrası və 2019-cu ilin büdcəsinə (ehtiyac yaranarsa) dəyişikliklər məsələsi müzakirələrə çıxarılacaq.

Bununla yanaşı, sessiyada başa çatmaqda olan 2018-ci ilin payız sessiyasında birinci oxunuşun müzakirəsindən və qəbulundan keçmiş “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ikinci-üçüncü oxunuşlarda və bütövlükdə qəbulu məsələsi mümkünləşəcək.

Eyni zamanda, yaz sessiyasında 2018-ci ilin qanunvericilik işləri planına daxil edilsə də, müzakirələri baş tutmayan “Daxili Qoşunların statusu haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinə komitələr və plenar iclaslar səviyyəsində baxılması və qəbulu gözlənilir.

Qeyd edək ki, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinə hələ 2017-ci ilin payız sessiyasında, o cümlədən, bu ilin yaz və payız sessiyasında baxılması gözlənilsə də, bununla bağlı parlamentin müvafiq komitəsinin - Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov tərəfindən bir neçə dəfə açıqlama verilsə də, sözügedən sənədin müzakirəsi və qəbul mümkünləşməyib.

Bu ləngimənin səbəbi isə bu ilin yazında Kənd Təsərrüfatı Nazirliyində köklü kadr dəyişikliklərin aparılması, yeni nazirin təyinatı ilə əlaqələndirilir.

Daha doğrusu, sənədin üzərində yenidən işlərə başlanıldığı və onun tamamlanmaq ərəfəsində olduğu bildirilir.

Parlamentin Mədəniyyəti komitəsi, konkret olaraq, həmin komitənin sədri, akademik Rafael Hüseynov tərəfindən illər öncə hazırlanan, hətta, bir necə dəfə adıçəkilən komitənin və sessiyaların qanunvericilik işləri planına daxil edilən “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin də müzakirəsi və qəbulu alınmayıb.

Komitə sədri tərəfindən də həm komitə iclaslarında, həm mətbuata açıqlamalarda sənədin müzakirələrə tam hazır olduğu və qəbulunu gözlədiyi dəfələrlə dilə gətirilib.

Odur ki, adıçəkilən qanun layihəsinin 2019-cu ilin yaz və ya payız sessiyalarında komitə və plenar iclaslar səviyyəsində müzakirəsi gözlənilir.

Yaz sessiyasında ən azı komitələr səviyyəsində müzakirələri və plenar iclaslara tövsiyələri gözlənilən qanun layihələri arasında “Optika haqqında” (müəllifi millət vəkili Musa Quliyevdir), “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” ( Səhiyyə komitəsi tərəfindən hazırlanan), “Təhsil (tələbə) kreditləri haqqında” (müəllifləri millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli və parlamentin Elm və təhsil komitəsidir), “Ailə həkimi haqqında” (müəllifi millət vəkili İlham Məmmədov və Səhiyyə komitəsinin üzvləridir) yeni qanun layihələri var.

Bundan savayı, yaz sessiyasında 2020-ci ildə ölkə üzrə tam tətbiqi gözlənilən icbari tibbi sığorta ilə bağlı mövcud “İcbari tibbi sığorta haqqında” qanunun tam yeniləşdirilmiş, o cümlədən, “Şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunların tam dəyişdirilmiş variantlarının müzakirələri də gözlənilir.

Eyni zamanda, icbari tibbi sığorta, şəkərli diabet və vərəmlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ictimai dinləmələrin reallaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, hər üç məsələ ilə bağlı payız sessiyasında ictimai dinləmələrin keçirilməsi planlaşdırılsa da, büdcə müzakirələri səbəbindən onların keçirilməsi mümkün olmayıb.

Yaz sessiyasında müzakirəsi gözlənilən məsələlərdən biri də ünvanlı sosial yardımın və əlilliyin müəyyənləşdirilməsi qaydalarının təkmilləşdirilməsi məsələsidir.

Xatırladaq ki, payız sessiyasında bu məsələlərlə bağlı dinləmələrin keçirilməsi və bunun nəticəsi olaraq, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atılması gözlənilsə də, bu məsələ də öz həllini tapa bilməyib.

Bu səbəbdən də qarşıdan gələn sessiyada bu məsələlərə baxılması, ictimai dinləmələr təşkil edilməsi mümkün variantlardandır.

Bununla yanaşı, yaz sessiyasında növbəti dəfə Cinayət, İnzibati Xətalar, Vergi, Gömrük, Mülki, Mənzil, Miqrasiya, Ailə, Əmək, Torpaq, Meşə, Su məcəllələrinə müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihələrin müzakirələrə çıxarılması gözlənilir.

Həmçinin, qarşıdan gələn növbəti-2019-cu il bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi mümkün variantlar arasındadır.

Bələdiyyə seçkiləri, Seçki Məcəlləsi və...

Hakim Yeni Azərbaycan Partiyası (YAP) və onun parlamentdəki təmsilçiləri ölkədə bələdiyyələrin sayının azaldılması və bələdiyyə sədrlərinin məhz seçkilər yolu ilə seçilməsi məsələsi ilə bağlı seçki qanunvericiliyinin dəyişdirilməsində israr edir.



Yeri gəlmişkən qeyd edək, növbəti bələdiyyə seçkilərinin 2019-cu ilin dekabrında keçirilməsi gözlənilir ki, bununla da 1999-cu ildən bu yana bu istiqamətdə ölkədə keçiriləcək 5-ci seçki olacaq.

Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı...

Bu il ölkəmiz yenə də bir sıra önəmli beynəlxalq və regional toplantılara ev sahibliyi edəcək.

Bu tədbirlərin sırasında da heç şübhəsiz ki, ilk sırada Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı gəlir.

Qeyd edək ki, Azərbaycan adıçəkilən Hərəkata 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında qoşulub.

2019-2022-ci illər ərzində isə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Avropa Gənclər Olimpiya Festivalı...

Gələn il Azərbaycan eyni zamanda daha bir nüfuzlu idman yarışmasına - Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

Festival 2019-cu ilin iyul ayının 20-dən 28-dək davam edəcək.

Qeyd edək ki, bu ilin 15 may tarixində ölkə prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinə rəhbərlik edir.

100 yaşlı BDU!

2019-cu ilin 1 sentyabr tarixində isə Azərbaycanın ilk ali təhsil ocağı və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) yaranmasının 100 ili tamam olur.

Odur ki, BDU-nun 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi nəzərdə tutulur...

Oxunub: 660
Oxşar xəbərlər
SON XƏBƏRLƏR