dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ATASINA QARŞI LAQEYİDLİK

ŞƏHİD ATASINA QARŞI LAQEYİDLİK
O bir şəhid atasıdır. Tək oğlunu, Mahir Mirzəyevi aprel döyüşlərində bu vətən yolunda qurban verib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə Mahir Mirzəyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Sabir ata abırlı və həyalı insandır. Bircə dəfə də olsun görmədim ki, öz yaşantılarını dilə gətirsin. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva məmurlara dəfələrlə bu qəbildən insanlarla bağlı şifahi , yazılı surətdə dəstək olmalarını tapşırıblar. Amma bizim bəzi ağıllı məmurlar düşünürlər ki, tədbirlərdə belə şəhid valideynlərini başa keçirib oturtmaqla gözə kül üfürə bilərlər. Cənablar, bu şəhid valideynlərin balalarının hesabına məqamlarda rahat oturub, balalarınıza 200-300 minlik maşınlar ala bilirsiz. İndi bu ailələrin məişət məsələlərini həll etmək nə çətindir. Aylarla şəhid ailələri qəbula düşə bilmirlər. Utanmadan səyyar qəbullarla bağlı elanlar gedir. Orada iştirak edənlər də öz adamlarınız və ya cüzi problemi olanlardır. Sabir ata həm də Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavinidir. Problemlərini ictimailəşdirməyi dəfələrlə təklif etsəm də razı olmayıb. Bu gün də ofisimizdə görüşdük. Vaxt tapıb problemlərinin həlli istiqamətində işlərin necə getdiyini soruşdum. Susdu... Amma artıq mən susan deyiləm. Bu yazıda hələlik ad çəkmirəm. Sadəcə deyirəm, məmur cənablar, şəhid atasının problemlərini həll edin. Dövlət və onun başçısı cənab Prezidentin tapşırıqlarını yerinə yetirin. Yetirməsəniz gələn dəfə adlarınızı ictimailəşdirmək boynumun borcu olsun.

Mətanət Ələsgərqızı

Oxunub: 1 001
Oxşar xəbərlər
SON XƏBƏRLƏR