dini radikalizm və ekstremizmlə mübarizə

CƏSUR SƏRKƏRDƏ NURİ PAŞA

CƏSUR SƏRKƏRDƏ NURİ PAŞA
1918-ci ilin yazında Osmanlı Türkiyəsi Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradanda, Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə 29 yaşlı, böyük döyüş təcrübəsi olan, cəsur sərkərdə kimi tanınan Nuru paşa təyin olunub. Bununla əlaqədar ona vaxtından əvvəl general-mayor rütbəsi də verilib.
Osmanlı Ordusunun zabiti Nuru paşa Killigil Türkiyənin müdafiə naziri Ənvər paşanın qardaşı idi. Nuru paşa bir hərbçi kimi böyük uğurunu Azərbaycanda əldə etdi.
Burada qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixinə və ümumən Türkiyə – Azərbaycan tarixinə parlaq səhifələr yazdı.
Nuru paşa 1918-ci ilin mayında Azərbaycana gələrək, Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, türk hərbi qüvvələrinin Azərbaycana vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynayıb.
Nuru paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-nə kimi bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq, Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizləyib və həmin ilin 15 sentyabrında Bakını azad edib.
Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilib. Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatı başlanıb və uğurlu döyüşlərlə türk-azərbaycanlı hərbçilər Şuşaya daxil olaraq, şəhərdə Azərbaycan bayrağını qaldırıb.
Lakin Türkiyənin birinci dünya müharibəsində uduzması Nuru paşanın bu zəfərini yarımçıq qoyur. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.
Nuru paşa 1920-ci ilin aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, bolşeviklərə qarşı döyüşlər aparıb, aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırıb.
Sonra bir Azərbaycan süvari alayı və bir artilleriya batareyası ilə Türkiyəyə dönən Nuru paşa Ərzuruma gedərək Naxçıvan dəstəsinə qoşulub və azadlıq mücadiləsində iştirak edib.
1923-cü ildə təqaüdə çıxan Nuru paşa İstanbul ətrafında dəmirtökmə fabriki açmışdı. İkinci Dünya Müharibəsi illərində bu fabrik hərbi sifarişlə qumbara, minaatan və s. silahlar istehsal edirdi.
1949-cu il martın 2-də Nuru paşa bu fabrikdə baş vermiş partlayış nəticəsində həlak olub və İstanbulda dəfn edilib.
Nuru paşanın Azərbaycanda olduğu zaman göstərdiyi igidlik, şücaət, türk ellərinə sədaqət və məhəbbəti onu bir xilaskar, yenilməz türk oğlu, türk ordusunun cəsur sərkərdəsi kimi tanıdıb.
1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycanın xalq təhsili naziri Nəsib bəy Yusifbəyli çıxış edərək, bu təntənədə iştirak edən Nuru paşanın atası Hacı Əhməd paşaya demişdi: «Zatı-aliləri, sizin şanlı oğullarınız Ənvər paşa və Nuru paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaq . Bu çıxışdan 100 ildən çox vaxt keçməsinə baxmayaraq, elə bil ki, bu gün deyilib.
Göründüyü kimi, Nuru paşanın müstəqil Azərbaycanın həyatında önəmli rolu olub.
Hətta onların ailəsində Azərbaycana münasibətdə özəl bir sevgi olub.
Bu gün də qardaş olaraq Azərbaycan -Türkiyə bir-birlərinin yanındadırlar .
Ən böyük arzum isə Qarabağda , Şuşada Azərbaycan -Türkiyə bayraqları ən uca zirvədə yenidən dalğalansın .

KÖNÜL MƏMMƏDZADƏ

Oxunub: 1 388
Oxşar xəbərlər
SON XƏBƏRLƏR