dini radikalizm və ekstremizmlə mübarizə

MƏZARINDA RAHAT UYU AY ATA

MƏZARINDA RAHAT UYU AY ATA
Səninlə axırıncı görüşümün son nidasıdır, bu cümlə. Hönkürüb ağladığım o anı hələ də unuda bilmirəm. Sən həmin anda son sözünü deyə bilmək uğrunda mücadilə edirdin. Çabalayır, danışmaq istəyirdin. Mən isə səhər evdən işə yollananları geri çağırmağa çalışır, təcili yardım soraqlayır, Allahdan yardım istəyirdim. Həkimlər sənə yardım göstərməyə çalışırdılar. Sən isə çabalayır, oyanmaq istəyirdin. Oyana bilmirdin halsız idin. Sanki əzrail ilə savaşırsanmış kimi əllərini havada yelləyirdin. Şəkərin çoxyüksək idi. Bu balansı tənzimləməksə, artıq gec idi. Həkim şəkəri salmaq üçün iynə vursa da, bunun sənə heç bir köməyi olmadı. Mən isə gələn həkimlərə acizanə şəkildə yalvarır, – «nə olaaaar, kömək edin» deyirdim.

Kinolardakı kimi səni komadan çıxarmaq üçün taqətsiz əllərini ovucumun içinə aldım.
«Sən güclüsən, getmə, qayıt»,- «bax, mən burdayam, sənin çox istədiyin sevimli oğlun» – deyə səsləyirdim səni… Eşitdin məni. Reaksiya verdin. Ürəyimdə ümid qığılcımları alovlandı. Dedim: – qayıtdı.
Beləcə sübh vaxtı səhər 8 radələrində sən dünyanı dəyişib, bizi tərk etdin.
Mən artıq evdən çıxanda qardaşımın sənin yaxınlığına çəkdiyi «sərhədi» görəndə nə baş verdiyindən xəbərdar idim.

Sadəcə sənin son gedişini izləməyə gücüm çatmadı.
Axı, mən səni evdən gülə-gülə yola salmağa, xeyir-dua verməyə, ata, ehtiyyatlı ol,– deməyə öyrəşmişdim.
Bəs indi nə deyəcəkdim?!
Artıq sənin yoxluğunun 2 ili tamam olur. Sənsiz keçən bu iki ildə həyətimizin hər tərəfi sənin üçün darıxıb. Birlikdə əkdiyimiz ağaclar, güllər. Sən onların qayğısına qalardın. Öz balan kimi əzizləyər, bir budağı sınanda heyifsilənərdin. Köks ötürərdin. Sən gedəni həyətimizə sükut çöküb. Mən sənin varlığını qızıl güllərimiz çiçəkləyəndə hiss edirəm. Ağaclarımız bar verəndə duyuram, Ata. Bir də arzum, diləyim həyata keçəndə sənə o qədər ehtiyac duyuram ki… Axı, sən mənim hər arzuma sevinən ilk insan idin.
Bircə sualımıda cavabsız qoymazdın. Bizə qohumluğu çatan adamları müzakirə edirdik. Bəzən mənə kəndin əvvəlki mənzərəsin göstərir, kimin evi harda yerləşdiyindən söhbət açardın. Gahda oxuduğun kitablardan bəhs edərdin. Şəhəri gəzməyə çıxardıq.
Eh nə sözümüz bitirdi nə söhbətimiz ay Ata. Həmişə danışmağa mövzumuz olurdu. Artıq 2 ildi Ata yoxsan. Yoxluğuna alışa bilmirəm Ata. Sən getdin evin yetim qalıb, ocağın başsız qalıb ay Ata.
Sən gedəli könlüm Ata nəsihəti axtarır.

Evin yetim qalıb, ocağın başsız,
Qoydun getdin bizi vaxtsız zamansız,
Qalmışıq tək-tənha gücsüz əlacsız,
Həyatda yoxluğun ürək dağlayır.
Ata nəsihəti könlüm axtarır.


Nə yazıq ki, beləcə qızmar yay günündə qismətimizə ayrılıq da düşdü. Sən bu dünyadan köç etdin…
Bax o gündən qəlbimi Ata həsrəti dağlıyır. İçimi param parça edir Ata. İçim sızlayır Ata... Evimizin hər yeri, doğmaların, hətda tərk etdiyin şəhərin belə sənin həsrətini çəkir Ata. Bizi yıxanda elə Ata həsrətidi...
Ata həsrəti..

Zirvə qarı almaz qaşdı hər dağa,
Əymə qəddi, dağ tufana əyilməz!
Kür oğlusan, kükrə Kür tək, ay Ata!
Ər kişisən, ər hicrana əyilməz!
*
Ruhum küsür şəklini hər görəndə,
İstəyirəm yeri-göyü titrədim.
Yeniyetmə bir cavansan, çöhrəndə
Yuva salıb dünya boyda həsrətim.
*
Əyilməzəm, əyilirəm önündə,
Zil qaradı, bəxtin kimi, gözlərim!
Ata kimi yaşasam da evində,
Körpə kimi gəlişini gözlərəm.
*
İllər bizi ayrı saldı əzəldən,
Rastlaşaydıq, kam alaydı ürəyim!
Sənsizliyi miras qoydun bizə sən,
Axı belə mirası mən neyləyim?
*
Mən nə deyim bu dövrana, bu hala?
İşə bir bax: mən toxtamış, sən cavan.
Rahatlığım yetim qalıb, çalxala!
Zaman dönsün, dövran çıxsın oxundan!
*
Alaq biz də kamımızı, Atacan!
Ulduz olaq, kəhkəşanlar doğulsun!
Rüsvay edək, şəri qovaq dünyadan,
İtgin salaq, haqqa heykəl qoyulsun!

Bağışla məni, ata… Səni mən qoruya bilmədim.
Mən öyrəşmişdim, arxanca su atım və axşam tərəfi geri dönməyini gözləyim. Sən demə bu sonuncu gedişin imiş. Getdin və bir daha geri dönmədin. Mən isə hələ də yolunu gözləyirəm, amma xatirələrdə… Təsəllim də var… Bəlkə nə vaxtsa ya sən geri dönəcəksən ya da ki mən yanına gələcəm...
Məzarında rahat uyu ay Ata...

Zalım ölum aldı səni əlimdən,
Acımadan yaman vurdu belimdən...
Adın daha eşidilməz dilimdən..
Rahat uyu məzarında ay ATA...

Necə dözüm bu aha..bu fəryada...
Hönkürürəm kimsə gəlmir imdada...
Tənha qoydun getdin məni dünyada...
Rahat uyu məzarında ay ATA...

ATA dərdi yaman dərddi ay ellər..
Açmaz daha əkdiyin qönçə güllər..
Həsrətindən nalə çəkər könüllər..
Rahat uyu məzarında ay ATA...


Vusal Agayev

Oxunub: 1 217
Oxşar xəbərlər
SON XƏBƏRLƏR