» » Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX

  • 26-05-2018, 14:31
  • Gundem
  • 261
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

Bu dəfə təqdim etdiyimiz yazıda Məhəmməd Əmin Rəsulzadə və Şəfi bəy Rüstəmbəyli arasındakı ixtilaflardan söz açacağıq.

Şəfi bəy 1892-ci ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncə klassik gimnaziyasında alıb, 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Tələbəlik illərindən aktiv fəaliyyətə başlayıb, 1911-ci ilin sonunda universitetdə yaradılmış “Azərbaycan Həmyerlilər Cəmiyyəti”nin xəzinədarı olub. Bu dönəmdə Ümumrusiya müsəlman tələbələrinin qurultayının nizamnaməsinin hazırlanmasında da iştirak edib.

Şəfi bəy Rüstəmbəyli Azərbaycan milli dövlətçilik tarixində önəmli yerlərdən birini tutur. Onun aktiv fəaliyyəti Türk Ədəmi-Mərkəziyyət Partiyası qurulandan sonra başlayıb. Partiyanı təsis edənlərdən biri də o idi. Həmçinin, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasında iştirak edib. 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlaliyyəti elan olunarkən “İstiqlaliyyət bəyənnaməsi”ndə imzalardan biri ona məxsusdu. Azərbaycan Cümhuriyyəti yaradılarkən Şəfi bəy Xosrov bəy Sultanov, Nəsib bəy Yusifbəyli ilə birlikdə Azərbaycana göndərilir. Onların əsas işi Azərbaycan Cümhuriyyətini Bakıda elan etmək, burada müəyyən əmin-amanlıq yaratmaq, müəyyən işəri qaydasına salmaq idi.

Məhəmməd Əmin Rəsulzadə və Şəfi bəy Rüstəmbəyli....

Mühacirlər arasında qarşıdurma olarkən Şəfi bəy Rəsulzadəyə qarşı müxaliflər qanadının üzvü olub. Şəfi bəy onun haqqında “Rəsulzadənin süqutu”, “Yıxılan bütlər” kitabını çap edir. Rəsulzadə isə ona qarşı “Şəfibəyçilik” kitabını yazır.

Həmin kitabdan bir hissə:

“Rüstəmbəyli Şəfi bəy pozuculuq sahəsindəki çirkin rolunu tamamlamaq üçün bir risalə (kitabça – A.B.) nəşr etmişdir. Nəşr etdirdiyi bu risaləsinə o, “Yıxılan bütlər” adını vermişdir. Diqqətəlayiq hesab etdiyimiz bu ad heç də Şəfi bəyə məxsus deyildir. Bundan bir neçə il əvvəl III İnternasionalın Türkiyədəki nümayəndələri türk milliyətçiliyi sahəsindəki tanınmış şəxsiyyətləri aradan götürmək məqsədilə ərsəyə gətirdikləri yazıya eyni adı vermiş, “Bütləri qırırıq”, demişlərdi!.. Biz heç bir zaman bütpərəst olmadıq, aramızdan büt olmaq istəyənlər də çıxmadı Fəqət millətimizin idealları üçün acizanə yapdığımız xidmətə hörmət olaraq vətəndaşlarımızdan və məsləkdaşlarımızdan gördüyümüz münasibəti məmləkətimizin düşmənləri təbii olaraq istehza ilə qarşıladılar. İstifadə etdikləri “büt” ifadəsilə bizi aşağılamağa qalxanlar, bununla ancaq özlərinin nə yuvanın quşu olduqlarını və kimlərdən ilham aldıqlarını göstərmiş olurlar.

.....Bu mənada deyə bilərik ki, biz, Şəfi bəyin şəxsində sadə bir fərdlə deyil, ümumi bir zehniyyətlə, başqa sözlə, Şəfibəyçiliklə qarşılaşırıq. Şəfi bəyi görmədən və etina etmədən, sükutla keçə bilərdik, lakin Şəfibəyçiliyə məhəl qoymamaq qeyri-mümkündür. Onunla mübarizə aparmaq bizim milli bir borcumuzdur....Şəfibəyçiliyin psixologiyası ilə “ev sahibini hədələyən qəddar oğrunun” psixologiyası arasında çox böyük bir bənzəyiş vardır. Beləliklə, görürük ki, Şəfi bəy, təmsil etdiyi bu mənfur zehniyyətin mənəvi tələbatına tamamilə sadıq qalaraq, risaləsini “doğrunun bağrını yaran bir oğru” ifadəsilə yazmışdır. İrəlidə görüləcəyi kimi, boş yerə ona “namus oğrusu” deməmişlər ki!..”

“Onlar Şəfi bəyin durumundan istifadə etdilər”

Məhəmməd Əmin Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəylinin aralarının dəyməsinə səbəb araşdırmaçıların fikirlərinə görə maliyyə məsələsi olub. Amma bəzi qarşıdurmalardan sonra Ş.Rüstəmbəylinin siyasi fəaliyyəti o dərəcədə də hiss olunmur. Bu bəlkə də onun konfliklərdən iyrənib bir kənara çəkilməsindən irəli gəlir.

Ə.Tahirzadə Rüstəmbəyli ilə Rəsulzadə arasındakı qarşıdurmanı belə izah edir: “Düşünmürəm ki, onu Rəsulzadədən incik salan bir şeylər olub. O vaxtlar ÇK (Fövqəladə Komissiya) çalışırdı ki, istər Rusiya, istər Qafqaz mühacirətçilərinin arasına didişmələr salsın və hərəkatı parçalasın. Düşünürəm ki, burada ÇK-nın rolu olub. Həm də, onların yaşayışları o qədər pis idi ki, bu durumdan istifadə etmək olurdu. Əlbəttə, orada maddi durumu yaxşı olan mühacirətçilər də vardı və onlar Şəfi bəyin durumundan istifadə etdilər... Cümhuriyyət qurulan vaxt onların bir-birinə münasibəti o qədər yaxşı olub ki, sonradan olanlar düşmənlərin yaratdığı münasibətlər idi...Xəlil bəy Xasməhəmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı — onlar Şəfi bəyə kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi, 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük”.

“Qoruyaq gənc dövlətimizi”

Şəfi bəylə bağlı ən çox xatırlanan hadisə isə Cümhuriyyətin son fövqəladə iclasında baş verdi. Bildiyimiz kimi, o zaman bolşevik ordusu artıq şəhərdə idi və parlamentin nəsə mübarizə aparmaq şansı belə yox idi. Hakimiyyət məcburi şəkildə bolşeviklərə təhvil verilməli idi. İclasda bu müzakirə edilən zaman ən emosional reaksiyanı Şəfi bəy verir. O, gənc dövlətin süqutundan sarsılıb çarəni ağlamaqda görür. Rəsulzadəyə üzünü tuturaq "biz sizə inanmışdıq, biz ideallarımız uğrunda mübarizə aparmışıq. Qoruyaq gənc dövlətimizi”,deyərək, etiraz edir. Maraqlıdır, elə bir məqamda Rəsulzadə nə edə bilərdi ki? Çingiz İldırım dənizdən top mərmilərini elə onların oturduğu parlamentə tuşlamışdı...Həmin məqamda Rəsulzadə ona cavab vermədi. Şəfi bəy də göz yaşları içində parlamenti tərk etdi.

Orada əslində Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəyli eyni mövqedən çıxış edirdilər; antibolşevik mövqeyindən. Parlamentin son iclasında Şəfi bəy o səbəbə ağlayırdı ki, yeni yaranan dövlətin, Azərbaycan Cümhuiriyyətinin istila olunmasına əsəbləri tab gətirə bilmirdi. Amma Cümhuriyyətin təhvil verilməsinin qəti əleyhinə idi. Parlamentin son iclasında onlar eyni mövqedə olublar.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930