dini radikalizm və ekstremizmlə mübarizə

ERMƏNİLƏRƏ QAN UDDURAN YUSİF...

ERMƏNİLƏRƏ QAN UDDURAN YUSİF...
Allah rəhmət eləsin!


Yusif Nəciyevin qəhrəmanlıqları haqqında rayonda az adamın məlumatı vardı. Yardımlının bu qəhrəman övladına qarşı bir biganəlik hökm sürürdü. Nədənsə yerli yazarlarımız susur, Yusifin qəhrəmanlıqlarını qələmə almaqdan sanki çəkinirdilər...
O, 1971-ci il yanvarın 1-də Yardımlı rayonunun Avur kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra, 1989-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdi. Həmin illərdə erməni ekstremistlərinin Azərbaycana qarşı işğalçılıq siyasətinin işartıları hələ təzə-təzə nəzərə çarpırdı. Azərbaycanın müdafiəsinə qalxan könüllülərlə birgə baş gizir Yusif Nəciyev də 1992-ci ilin avqust ayında Daxili Qoşunların sıralarında döyüşlərə qatıldı. Zəngilan rayonunun Qazançı kəndində döyüş yoluna başladı. Çox keçmədi ki, döyüşlərdə yüksək qabiliyyət və bacarıq nümayiş etdirən baş gizir Yusif Nəciyev tağım komandiri vəzifəsindən bölük komandiri vəzifəsinə qədər yüksəldi. Onun döyüş yoluna yaxından bələd olan yoldaşlarının dediyi kimi, Yusif taborda hamının rəğbətini qazandığından hərbi qulluqçular onun rəhbərliyi altında əməliyyatlara böyük ruh yüksəkliyi ilə gedirdi. Bu döyüşlərdə Yusif Nəciyev xüsusilə fərqlənirdi. Onun xidmət etdiyi tabor bir müddət Zəngilanın müdafiəsində dayandıqdan sonra 1993-cü ilin noyabr ayında Daxili Qoşunların Hacıqabulda yerləşən alayının tərkibinə verildi. Həmin dövrdə Füzuli rayonu ərazisində gərgin döyüşlər gedirdi. Bu zaman Füzuli rayonunda yerləşən alaya kömək məqsədilə döyüşlərdə fərqlənən, yüksək döyüş qabiliyyətinə malik olan, qorxmaz və cəsur bölük kimi tanınan Yüsifin rəhbərlik etdiyi bölük həmin bölgəyə ezam edildi, Əhmədbəyli kəndindən başlayaraq Horadiz qəsəbəsi də daxil olmaqla bir sıra kəndlərin azad edilməsində həmin bölük xüsusi şücaət və qəhrəmanlıq göstərdi. Həmin döyüşlərdə bölüyün şəxsi heyyəti tərəfindən ermənilərin bir çox zirehli texnikası və canlı qüvvəsi məhv edilmişdi. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Yusif Nəciyev Daxili Qoşunlar komandanlığı tərəfindən dəfələrlə mükafatlara layiq görülmüşdü.
1994-cü il mayın 12-də tərəflər arasında atəşkəs əldə edildikdən sonra döyüş bölgəsində öz borcunu şərəflə yerinə yetirən bölük yenidən ruh yüksəkliyi ilə əvvəlki dislokasiya yerinə- Hacıqabul şəhərinə qayıtdı. Son dövrlərdə Zaqatala bölgəsində ictimai asayişin bir qrup silahlı cinayətkarlar tərəfindən pozulduğu bir vaxtda Daxili Qoşunların cəbhə bölgəsində döyüş yolu keçmiş bir sıra hərbi qulluqçusu bu bölgədə yerləşən alaya köçürüldülər. Yüksək döyüş qabiliyyəti və peşəkarlığı nəzərə alınaraq baş gizir Yusif Nəciyev bu hərbi qulluqçuların sıralarına daxil edildi. Təsadüfi deyil ki, çətin təbii şəraitə malik olan bu bölgədə silahlı cinayətkarların tutulub zərərsizləşdirilməsində Yusif xüsusi bacarıq nümayiş etdirmişdi. Onun xidmətləri Daxili Qoşunlar və hərbi hissə komandanlığının diqqətindən kənarda qalmamış və o, dəfələrlə yüksək mükafatlara layiq görülmüşdü.
Bu günlərdə eşitdim ki, aprelin 23-də Yusif haqq dünyasına qovuşub. Heyf səndən, Yusif. Nə yaşın var idi, vur-tut 47 yaş. Allah yerini behişt eləsin, igid qardaşım.

Elman Eldaroğlu

Oxunub: 768
Oxşar xəbərlər
SON XƏBƏRLƏR