dini radikalizm və ekstremizmlə mübarizə

Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Dünya liderləri İlham Əliyevi təbrik edirlər



Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

X.Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə X. Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

***

Aprelin 12-də Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Petro Poroşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın tərəqqisi və rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Petro Poroşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirərək əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyini əminliklə vurğulayıblar.

***

Qazaxıstan prezidenti Nursultan NazarbayevAzərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ötən seçkilərdəki qələbəniz sübut edir ki, Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə yüksək dəstək verir.

Bu ali dövləti vəzifədə qardaş Azərbaycanın daha da firavanlaşması və nəzərdə tutduğunuz bütün planların səmərəli surətdə yerinə yetirilməsi yolunda Sizə yeni uğurlar arzu edirəm.

Qazaxıstan ilə Azərbaycan arasında sarsılmaz dostluğa və etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə Sizin böyük töhfənizi də qeyd etmək istəyirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış strateji əməkdaşlıq xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

***

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Aprel ayının 5-7-də Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Sizinlə görüşmək şərəfinə nail olduğum üçün Zati-alinizə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycanın iqtisadi tərəqqisinin və davamlı inkişafının təmin edilməsində ölkənizin geniş turizm imkanlarına malik olduğunu öyrənməkdən məmnun qaldım. Bu sahənin inkişafı üçün göstərdiyiniz davamlı səylərə və dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza isə əmin-amanlıq və tərəqqi arzu edirəm.

Əminəm ki, prezidentliyinizin yeni mərhələsində Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan sıx dostluq əlaqələri daha da möhkəmlənəcək.

Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsi üçün Sizin dəstəyinizin davamlı olacağına ümidvaram.

Möhtərəm cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirirəm".

***



Serbiya prezidenti Aleksandr Vuçiç İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

A.Vuçiçin məktubunda deyilir: “Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram. Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək. Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm”.

***

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan həqiqətən məmnunluq duyuram.

Azərbaycan xalqı öz iradəsini ifadə edərək, Sizin rəhbərliyiniz ilə həyata keçirilən, ölkənizin davamlı inkişafına və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətə öz yüksək etimadını bir daha nümayiş etdirdi.

Sizin çoxillik gərgin əməyiniz və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlara nail olub və dostlarımızın bu nailiyyətlərinə görə biz də ürəkdən sevinirik.

Əminik ki, qarşıdakı illərdə Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələri ölkələrimizin mənafeləri naminə daha da inkişaf edəcək. Bunun üçün Sizinlə birlikdə hər cür zəruri səy göstərməyə hazıram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

***

Aprelin 12-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Şavkat Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

***

Aprelin 12-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aleksandr Lukaşenko İlham Əliyevi ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona xalqımızın rifahı və Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyini əminliklə qeyd ediblər.

Oxunub: 754
Oxşar xəbərlər
SON XƏBƏRLƏR