dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşuldu

 Azərbaycan Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşuldu


Azərbaycan Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşuldu.

Djb.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədi energetika naziri Pərviz Şahbazov Enerji Xartiyasının baş katibi Urban Rusnaka martın 15-də Bakıda keçirilən "Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə yüksək səviyyəli "dəyirmi masa” çərçivəsində təqdim edib.

Dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə keçirilən "dəyirmi masa”da energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar əməkdaşlığa görə Enerji Xartiyası Katibliyinə təşəkkürünü çatdıraraq, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Avropa İttifaqının 2016-cı ildə yaradılmış yeni "EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyası tərəfindən "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması prosesi yekunlaşıb. Nazirliklərarası işçi qrupunun müzakirəsinə çıxarılan Qanun layihəsi beynəlxalq standartlar, xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Yeni Qanun layihəsi enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə "Kommunal Xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacaq.

Tədbirdə çıxış edən Enerji Xartiyasının baş katibi Urban Rusnak qanun layihəsini Enerji Xartiyası Katibliyi ilə əməkdaşlığın töhfəsi kimi qiymətləndirib.

Tədbir Qanun layihəsi üzrə nazirliklərarası işçi qrupun müzakirəsi ilə davam etdirilib.

Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə bağlı jurnalistlərə açıqlama verən Pərviz Şahbazov bildirib ki, Azərbaycan 1994-cü ildə Avropa Enerji Xartiyasına qoşulması ilə bağlı saziş imzalayıb: "1998-ci ildə bu xartiya qüvvəyə minib. Bu gün dünyada enerjiyə tələbat artdıqca, enerji səmərəliliyi məsələləri də artır. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyası statusunu alıb. Beynəlxalq Enerji Xartiyası ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq etmək istəyirik".

Sənədin əhəmiyyətindən danışan nazir bildirib ki, bu sənəd enerji bazarında ölkələr arasında münasibətləri tənzimləyir, daha səmərəli əməkdaşlıq üçün yaxşı şərait yaradır, enerji sektorunun gələcəkdə inkişaf etdirilməsi üçün çox böyük əhəmiyyət kəsb edir.

Jurnalistlərə açıqlama verən Enerji Xartiyasının baş katibi Urban Rusnak deyib ki, Haaqa II sənədinin tövsiyələri Azərbaycana öz təbii ehtiyatlarından səmərəli istifadə etməyə yardım edəcək. Azərbaycanda elektrik enerjisinin istehsalında qazdan istifadə olunduğunu deyən U.Rusak bildirib ki, qənaət hesabına ixracı artırmaq olar: "Bu isə əlavə valyuta və rifahın artırılması deməkdir”.

Oxunub: 634
Oxşar xəbərlər
SON XƏBƏRLƏR