dini radikalizm və ekstremizmlə mübarizə

“Los Angeles Times” qəzeti: "Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib"

“Los Angeles Times” qəzeti: "Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib"


ABŞ-ın nüfuzlu "Los Angeles Times" qəzetinin ispandilli versiyası olan "Hoy Los Angeles" qəzetində 2 mart 2018-ci il tarixində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştatının Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə barədə məqalə dərc edilib.

Milli.Az xəbər verir ki, müəllif məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verərək, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, Xocalıda Ermənistan tərəfindən çoxlu sayda günahsız azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini, ümumilikdə Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığını qeyd edir. A.Masiel BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən dörd qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirir. O, həmçinin, bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edildiyini vurğulayaraq diqqətə çatdırır ki, bu sənədlərdə işğalçı dövlət kimi tanınan Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlər törətməsi qeyd olunur.

Sonra A.Masiel bir neçə gün öncə Kaliforniya Ştatının Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləməhaqqında məlumat verərək, bu dinləmənin erməni lobbisi üçün gözlənilən nəticə vermədiyini qeyd edib. O, Kaliforniyanın mövcud 40 senatorundan yalnız ikisinin dinləməyə qatıldığını, Kaliforniyada yaşayan Azərbaycan icması üzvlərinin dinləmədə iştirak edərək, müxtəlif suallarla çıxış etdiklərini, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliyamların nə üçün Senat tərəfindən pislənilmədiyini soruşduqlarını və bu kimi suallarla dinləməni aparan senator Entoni Portantinonu məsələyə birtərəfli yanaşmaqda ittiham etdiklərini, senatorun isə bu suallardan hər vəchlə yayındığını bildirib.

Sonda müəllif Kaliforniya Senatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edərkən ədalət prinsipinə sadiq qalaraq hər iki tərəfin fikirlərini dinləməyə borclu olduğunu vurğulayıb.

Qeyd edilməlidir ki, 1 milyonluq tiraja malik "Hoy Los Angeles" qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən güclənməkdədir.

Oxunub: 605
Oxşar xəbərlər
SON XƏBƏRLƏR