» » Türk ordusu üçün vuruşan tərtərli polkovnik - Foto

Türk ordusu üçün vuruşan tərtərli polkovnik - Foto

Türk ordusu üçün vuruşan tərtərli polkovnik - Foto
Rusiyada 1917-ci ilin fevral inqilabı baş verdikdən sonra Azərbaycanda acınacaqlı vəziyyət yaranmışdı. Hakimiyyətsizlikdən istifadə edən denikinçilər, bolşeviklər və erməni-daşnak qüvvələri silahlanaraq, Azərbaycan xalqına qarşı total təcavüzkarlığa başlamışdılar. Xalqı bu fəlakətlərdən qorumaq üçün milli mücadilə liderləri ölkənin müxtəlif bölgələrində könüllülərdən ibarət hərbi dəstələr təşkil etməyə başlayırlar. 1917-ci ilin iyul ayında rus ordusundan istefa vermiş polkovnik Süleyman bəy Əfəndiyevin Gəncədə yaratdığı könüllü dəstəyə qoşulanlar arasında Qarabağın dilbər guşələrindən olan Tərtərdən vətənpərvər bir gənc də vardı.

Bu gənc 1917-1920-ci illərdə Azərbaycanın, 1920-ci ildən sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda savaşan, Türkiyənin qurtuluşunda və türk ordusunun inkişafında böyük xidmətlər göstərən, Türkiyə Silahlı Qüvvələrində xidməti dövründə polkovnik rütbəsinə qədər yüksələn Aslan Hacızadə (Berkan) idi.

İstiqlal savaşçısının izi ilə

1920-ci ildə Türkiyəyə mühacirət edərək orada qurtuluş savaşına qatılan Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri haqqında araşdırma apararkən, Aslan Berkanın adı bir çox qaynaqda qarşıma çıxsa da, onun haqqında ətraflı bilgi əldə edə bilməmişdim. İnternet üzərindən apardığım axtarış zamanı məlum oldu ki, Cümhuriyyət ordusunun zabitlərindən polkovnik Baba Behbudun imzası ilə “Azərbaycan Kültür Dərnəyinin” Türkiyədə çıxardığı “Azərbaycan” dərgisinin 1957-ci ildə çıxan 63-cü sayında “Emekli topçu albayı Aslan Berkanı kayb ettik” başlıqlı məqalə yazılıb. Tədqiqatçı dostumuz Ceyhun Nəbinin köməkliyi ilə dərginin həmin sayını tapıb, Aslan bəy haqqında geniş məlumatlar əldə etmiş olduq. Aslan bəy haqqında əldə edə bildiyim digər bir bilgi isə “Cümhuriyyət” qəzetinin 17 may 1957-ci il tarixində çıxan sayında ailə üzvlərinin Aslan bəyin vəfatına görə başsağlığı verənlərə təşəkkür elanı idi.

Kimdir Aslan Berkan?

Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Aslan Berkan - Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının zabiti Aslan Nüsrət oğlu Hacızadədir. Türkiyəyə mühacirət etdikdən sonra bir müddət Aslan Qarabağlı olaraq tanınsa da, soyad qanununun çıxmasına görə Berkan soyadını götürüb. O, 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan Tərtər şəhərində anadan olub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra könüllü olaraq hərbi xidmətə yollanıb, Gəncədə yerləşən 5-ci Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb.

Aslan bəyin silahdaşı Baba Behbudun “Azərbaycan dərgisi”ndə qələmə aldığı nekroloqda Aslan bəyin atasının adının Nəsib bəy olduğu yazılıb. Lakin İzmir Məzarlıq Bilgi Sistemindən əldə etdiyim bilgidə atasının adının Nüsrət olduğu qeyd edilib.

İlk döyüş, ilk zəfər

İnqilabdan sonra Zaqafqaziya Komissarlığının tələbi əsasında Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli, həmin silahlar yeni yaradılmış milli hissələrin təhcizinə yönəldilməli idi. Lakin bir çox hallarda rus qoşun hissələri Gürcüstandan Azərbaycana keçib, şimala doğru hərəkət edərkən bolşeviklərin və rus qoşunlarında xidmət edən erməni hərbçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər.

1918-ci il yanvarın 9-da Gürcüstandan Azərbaycana keçən Rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şəmkir dəmiryol stansiyasında minlərlə insanın həlak olması ilə nəticələnən silahlı toqquşmaya səbəb olur. Bu döyüşlərdə konüllü dəstələrlə birgə 5-ci Yelizavetpol nişançı alayı da iştirak edirdi.

Rus orusunun tərk-silah edilərək 20 ədəd topun, 70 ədəd pulemyotun, 15000 ədəd tüfəngin ələ keçirilməsi ilə nəticələnən döyüşlərdə gənc əsgər Aslan bəy də igidliklə vuruşub.

Qarabağ savaşında

Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsindən sonra, 23 sentyabr 1918-ci il tarixdən etibarən Qarabağı erməni zülmündən xilas etmək üçün Qarabağ hərəkatı başlayır. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edirdi. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1-ci Azərbaycan diviziyası daxil idi. Aslan bəy bu döyüşlərə baş-leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyasının tərkibində qatılır. Türk Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçir, Əsgəran ətrafında güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında şiddətli döyüşlər baş verir. Aslan bəyin də sıralarında olduğu topçu batareyasının davamlı atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçıb dağılırlar. Bununla da ordunun Şuşa istiqamətində hərəkəti asanlaşır və iki gün sonra - 8 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Şuşa şəhərinə daxil olur.

1918-ci ilin oktyabr ayından etibarən Aslan bəy Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla iştirak edərək, bölgədə asayişin bərqərar olunmasında böyük xidmətlər göstərir.

1920-ci ilin martın 21-də, Novruz bayramı gecəsində Ermənistan hökumətinin dəstəyi ilə silahlanmış erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfl hücum edib, postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Aslan Hacızadə də bu döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərir.

Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər aprel ayının ortalarında Azərbaycan ordusunun zəfəri ilə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də azad edilir.

Gəncə və Qarabağ üsyanında

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fürsət bilən Rusiya hökuməti yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920-ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi. Mayın 24-dən 25-nə keçən gecə Gəncə üsyanı başlayır.

Aslan bəy Hacızadə əvvəlcə Gəncə üsyanında, sonra isə 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığıyla başlayan Qarabağ üsyanında iştirak edir. Hər iki üsyan böyük amansızlıqla yatırılır. Aslan bəy komandiri olduğu topçu batareyasıyla birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər savaşa-savaşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək, Araz çayından keçib İrana daxil olur.

Silahdaşı, polkovnik Baba bəy Behbud yazdığı nekroloqda Aslan bəyin qəhrəmanlığından bəhs edir:

“Aslan Berkan 27 aprel 1918-ci ilə qədər, yəni Azərbaycanın mənfur rus-bolşevik orduları tərəfindən işğalına qədər Milli Ordu saflarında müxtəlif cəbhələrdə bacarıqlı xidmətlər göstərib, son günlərdə Qarabağa hücum edən kommunist ordusunun zirehli texnikalarını səhra toplarının dəqiq atəşi ilə məhv edərək durdurub, öz qüvvələrinin itki vermədən geri çəkilməsinə müvəffəq olub. Bundan sonra tabeliyində olan topları ilə Ağdamda toplanan süvari alayına qoşularaq, bu alayla İrana keçib və ”Yaşıl Ordu” namı ilə bütün İranı qət edərək bizimlə birgə Doğu Bəyaziddə Kazım Qarabəkir Paşanın ordusuna qoşulub”.

İstiqlal savaşında

Uzun və məşəqqətli yolları qət etikdən sonra Türkiyəyə gəlib çatan Azərbaycan birlikləri Türkiyə Böyük Millət Məclisinin qərarıyla Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunub.

Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qoşulacağı ilə bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Aslan bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Şərq hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən qüvvələrini döyüş meydanından qovaraq komandirlərinin təqdirini qazanır.

1925-1927-ci illər ərzində “Şeyx Səid”, 1-ci Ağrı, 2-ci Ağrı üsyanlarının qarşısının alınması əməliyyatlarında iştirak etdikdən sonra təhsilini artırmaq üçün İstanbulda hərbi məktəbə daxil olur. 1928-ci ildə Topçu məktəbindən məzun olur və baş leytenant rütbəsi ilə Sivas şəhərində yerləşən Topçu alayında batareya komandiri vəzifəsinə təyin edilir.

1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1946-cı ildə polkovnik-leytenanat rütbəsi ilə təltif olunan Aslan Berkan, 1950-ci ildə xidmətləri nəzərə alınaraq Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülüb. Hərbi xidmətinin son illərini Azərbaycanda hərbi xidmətə başladığı ilk gündən yoldaşlıq etdiyi, bir çox müharibədə çiyin-çiyinə savaşdığı general-mayor Cahangir Bərkərin komandanlığı altında İzmir şəhərində davam etdirib. 1955-ci ildə yaş səbəbi ilə təqaüdə çıxdıqdan sonra da İzmir şəhərində yaşayıb.

Berkan ailəsi

Aslan Berkan Sivasda xidmət etdiyi zaman İstiqlal savaşı qəhrəmanlarından yüzbaşı Tofiq bəyin bacısı Hümeyra xanımla ailə həyatı qurub. Bu nikahdan Türkan adlı qızı, Mete adlı oğlu doğulub. Qızı Türkan xanım Şadi Sayarla ailə həyatı qurub. Oğlu Mete isə 19 yaşı olarkən özünü dənizə ataraq intihar edib. Oğlunun itkisi Aslan bəyə olduqca pis təsir edib, bu dərddən xəstəliyə düçar olub, oğlunun ölümündən 1 il sonra, 7 may 1957-ci ildə infarkt nəticəsində vəfat edib. Mərhum Aslan Berkan hərbi törənlə Qarşıyaxada Soyuq quyu məzarlığında 5-ci küçə, 6-cı adada oğlunun yanına dəfn edilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031