» » Zirvədə olan şair

Zirvədə olan şair

  • 10-01-2018, 15:36
  • Gundem
  • 131
Zirvədə olan şair
Zirəddin Qafarlı imzası poeziya həvəskarlarına yaxşı tanışdır. Uzun illərdir onun şeirləri həvəslə oxunur, ruhları oxşayır. Düz deyirlər ki, zorla şair olmaq mümkün deyil. Şairlər də anadan şair doğulurlar. Zirəddin Qafarlı kimi. Zirəddin Qafarlı öz dəsti-xətti ilə seçilən bir şairdir. Poeziya yollarında onun yolu çox da rahat olmayıb. Hər bir insan kimi, onun da qarşısına çıxan çətinliklər, həyatının sevincli anları şeirlərində də öz əksini tapıb. " Eyləməsin" şeirində Zirəddin Qafarlı belə deyir:

Ömrün yoxuşunu ərənlər bilir,
Dərdi dərd üstünə hörənlər bilir.
Mən nələr çəkmişəm, görənlər bilir,
Tanrı heç daşı da , tək eyləməsin.


Poeziya aləmində öz sözünü demiş, bu gün də eyni həvəs və coşqu davam edən Zirəddin Qafarlının şeirlərinin əsasında insan, onun həyatı, sevgisi, məhəbbəti, qəmi- kədəri dayanır. Əslində isə şeirlərindəki bu qəhrəmanların obrazında şair öz həyatını yazır:

Dünyadan baş açmaq mənlik deyilmiş,
Bir onu bilirəm, gəlib yaşadım.


Və yaxud:


Nə gözəl dünyam vardı, bir zamanlar, ay Allah,
İndi nədəndir belə tükənir gücüm, axı?!
Hardan çıxdı qarşıma bu yamanlar, ay Allah,
Görəsən bu həyatda nə imiş suçum, axı?!


Müqəddəs ana məhəbbəti Zirəddin Qafarlı üçün də əzizdir. Anasına müraciətlə yazdığı şeirində şair analı günlərini həsrətlə xatırlayır, yenidən analı günlərini yaşayır. Və bu, hisslər çox kövrəkdir.

Tez-tez çimizdir məni,
Öpməkdən bezdir məni.
Dur apar, gəzdir məni,
Yerimək öyrət, ana!


Məhəbbət mövzusu da Zirəddin Qafarlının bir şair kimi yaradıcılığından qırmızı xətlə keçir. Bu şeirlərində Zirəddin müəllim çox səmimidir. Onun məhəbbətinin saflığına, təmizliyinə, ucalığına oxucu qəlbən inanır.

Düşərmi Zirəddin yada?!
Dərdim var həddən ziyada.
Sən atlısan, mən piyada,
De, necə haqlayım səni?!

" Tutdu" sərlövhəli şeirində isə Zirəddin Qafarlı belə deyir:

Taleyim şam etdi bu yurda məni,
Gah böyük bildilər, gah xırda məni.
Mən belə deyildim, - axırda məni,
Bir uzun saçlının qarğışı tutdu.


Öz dəsti-xətti ilə poeziya aləmində çoxdan özünü təsdiqləmiş Zirəddin Qafarlı ömrünün 60 -cı pilləsini ötüb- keçib. Onun 60 illiyi onun pərəstişkarları, poeziya həvəskarları tərəfindən də təntənə ilə qeyd olunub. Şairin 2015 - ci ildə " Elm və təhsil" nəşriyyatı tərəfindən nəşr olunmuş " 60 - a çatmış ömür" kitabında yer almış dost sözü, dost fikirləri çox dəyərlidir.
Tanınmış şair İslam Sadıq onu " Sözdə hamıdan varlı"adlandırır.

Qənirə Mehdixanlı:

80 yaşda əsa alma əlinə,
90 - ı keç , götür şəllə belinə.
Ruhdan düşmə əlini çək belinə,
Gəz dünyanı qarış-qarış, Zirəddin!


Şair Barat Vüsal isə şair dostunu belə salamlayır:

Altımış yaşına xoş çatmısan, xoş,
Hələ yol başına xoş çatmısan, xoş.
Mən sənə yazanda beş yazmışam, beş,
Görmürsən tökdüyüm xətdən, Zirəddin!

Ömrün müdriklik çağı Zirəddin Qafarlı bir şair kimi ömrünün belə bir zirvəsindədir. Yeri zirvələrdə olan şair səni 100 yaşa...

Azərbaycan Yazıçılar Birliyinin üzvü - Prezident mükafatçısı Fuad Biləsuvarlı
Zirvədə olan şair
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031