dini radikalizm və ekstremizmlə mübarizə

İstanbul seçkisi: “Bu xəmir hələ çox su aparacaq...” – Ərdoğana qarşı şok plan/Şərh

İstanbul seçkisi: “Bu xəmir hələ çox su aparacaq...” – Ərdoğana qarşı şok plan/Şərh
“Hiss olunur ki, Ankara və İstanbul da daxil olmaqla, Türkiyənin iri şəhərlərində keçirilmiş bələdiyyə seçkilərində qlobal şəbəkə və FETÖ-nün iştirakı ilə seçki saxtakarlığı baş verib”.

Respublika tv xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.


Ekspertin fikrincə, seçkilərin nəticələri əvvəldən hazırlanmış bir layihənin olduğu ehtimalını da doğrultdu:


“Bu gün seçkilərin nəticələrinə olan etirazlar da bununla bağlıdır. Düşünürəm ki, bu xəmir hələ çox su aparacaq. Məntəqə seçki sədrləri və seçkilərlə bağlı digər qurumlarda FETÖ və xarici kəşfiyyatla bağlı olan şəxslər üzə çıxarıldı.


Həmin şəbəkə saxta qeydiyyatlarla AKP tərəfdarlarının səslərini qeydə almamaq kimi indiyədək görünməmiş saxtakarlıq baş verib. Buna görə də hesab edirəm ki, proses təkcə etirazlar səviyyəsində yekunlaşmayacaq, yaxın gələcəkdə hüquqi müstəvidə silsilə həbslərin başlamasına rəvac verəcək. Çünki bu saxtakarlığı dövlət çevrilişinə cəhd kimi də dəyərləndirilə bilər. Buna görə də, İstanbul haqda qərar verməyə tələsmək lazım deyil.


AKP yenidən etiraz hüququndan istifadə edərək, Ali Seçki Komissiyasına müraciət edib. Bəzi yerlərdə seçkilərin nəticələrinin ləğv edilməsi və yenidən keçirilməsi tələbini ortaya qoyub. Seçkilər yenidən keçirilsə, nəticələrin də fərqli olacağını düşünürəm. Bu baxımdan, İstanbul haqda fikir demək hələ tezdir”.


Natiq Miri hesab etmir ki, seçkilərin elan edilmiş nəticələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqelərini zəiflədəcək:


“AKP Ankara və İstanbulu uduzmuş olsa belə, bu partiyanın mövqelərinin zəiflədiyi müşahidə olunmur. Keçən il keçirilmiş parlament seçkilərində də, “Cümhur İttifaqı” (AKP-MHP) daha az səs toplamışdı. Bir neçə gün əvvəl keçirilmiş bələdiyyə seçkilərində isə bu ittifaq İstanbul və Ankarada daha çox səs topladı. Ümumi ölkə miqyasında “Cümhur İttifaqı” digər siyasi qüvvələrdən çox səs topladı. Böyük şəhərlərin əksəriyyətini də bu ittifaq götürdü. Bu, Türkiyə hakimiyyətinin mövqelərinin güclənməsi deməkdir.

Düşünürəm ki, AKP-nin zəfiləyəcəyini və cəmiyyətdə qütbləşmənin yaranacağını gözləmək əbəsdir. Qərbin tənqidlərinə baxmayaraq, Türkiyə bu seçkilərdən də güclü çıxdı. Yaxın vaxtlarda Suriyada (Şərqi Fərat) hərbi əməliyyatlara başlayan türk ordusu Türkiyənin geosiyasi iradəsini də ortaya qoyacaq. Bunu qəbul etmək istəməyən Qərb dövlətləri isə mediada guya Türkiyədə xaosun olduğuna dair və bu ölkəni aşağılamaq niyyəti ilə yazılar dərc etdirir.


Hətta İtaliya kimi ölkələrdə qondarma erməni soyqırımının tanınması məsələsi gündəmə gəlib. ABŞ Konqresinin Nümayəndələr Palatası və Senata da bununla bağlı layihə irəli sürülüb. Bunlar Türkiyənin güclənməsinin qarşısının alınmasına hesablanmış gedişlərdir”.


Politoloq qeyd edib ki, “Cümhur İttifaqı”na rəqib olan “Millət İttifaqı”na yaxın olan bəzi siyasi qüvvələrin də Türkiyəyə düşmən olan qüvvələrin maraqlarına xidmət etdikləri üzə çıxdı: “Bu ittifaqa dəstək verən siyasi partiyalardan biri də, PKK terror təşkilatının siyasi qolu olan HDP-dir.


HDP isə əvvəlki seçkilərlə müqayisədə kürd bölgələrində belə 70% daha az səs topladı. Bu o deməkdir ki, Türkiyə hakimiyyəti bu və digər bölgələrdə də öz mövqelərini daha da gücləndirib. Bu baxımdan, Türkiyədə ciddi qarşıdurmanın olacağını düşünmürəm”.

Oxunub: 569
Oxşar xəbərlər
SON XƏBƏRLƏR